Zorakılıq anlayışı və növləri

Zorakılıq  insanın iradəsinə qarşı  ona edilən zərərverici əməldir. Bu yalnız fiziki şiddət aktını deyil, həmçinin təhdidləri və təzyiqləri də əhatə edir.  Həm qadınlar, həm də kişilər, həm də uşaqlar zorakılığa məruz qalırlar, lakin qurbanların əksəriyyəti qadınlar və az yaşlı qızlardır.  Bunun üçün də gender əsaslı zorakılıq ayrıca insan hüquqları pozuntularından biridir. Gender əsaslı zorakılıq gender  bərabərsizliyindən qaynaqlanan və qeyri-bərabər güc münasibətlərinə söykənən zorakılıq əməlidir. Gender əsaslı zorakılıq, məhz insanın cinsiyyətinə və gender mənsubiyyətinə  görə ona qarşı yönəlmiş zorakılıq əməlidir.  

Gender əsaslı zorakılıqlar qadınların bütün mərhələlərində baş verə bilər. Misal üçün prenatal dövrdə  cinsiyyətə görə selektiv abort, doğulduqdan sonra körpə qızların öldürülməsi, sünnət edilmməsi. Uşaqlıq və yeniyetməlik dövründə məcburi nikaha və cinsi istismara məruz qalması. Yetkinlik yaşından sonra ailədə, işdə, sevgi münasibətlərində şiddətə, cinsi istismara və ya təcavüzə məruz qalması və s.

Zorakılığın növləri:

Fiziki zorakılıq: birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, döyməsi, xəsarət yetirməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması (misal üçün evdə qapadması).

Cinsi zorakılıq: birinin digərini zorlaması, onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi.

İqtisadi zorakılıq:  birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsi, iqtisadi asılılıq yaratması, belə asılılığı saxlaması və ya ondan sui-istifadə etməsi (misal üçün, işləməyə icazə verməməsi və ya işləməyə məcbur etməsi, təhsildən məhrum etməsi və s.) Qız uşaqlarının məktəbdən çıxarılması iqtisadi zorakılıq əməli sayılır.

Psixoloji zorakılıq: birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılması, davranışa nəzarət (bunu geyinmə, ora baxma, filankəslə danışma, evdən çıxma, evə filan saatdan gec gəlmə və s.).

Cavid Ağa
SUSMA