Zorakılığa məruz qalındığı zaman ilk müraciət olunmalı xidmətlər:

  • Polis/Prokurorluq orqanları
  • Tibbi yardım mərkəzləri (Xəstəxanalar, Tibb müəssisələri)
  • İcra hakmiyyətləri yanında monitorinq qrupları
  • Şəhər/Rayon Sosial Müdaifə Mərkəzləri
  • Dövlət/Qeyri-Dövlət Yardım Mərkəzləri (Sığınacaqlar)

Zorakılıq qurbanına göstərilməli xidmətlər:

  • Hüquqi yardım; ilkin tibbi və (və ya) psixoloji yardım
  • Qısa Müddətli Mühafizə Orderinin verilməsi
  • Uzun Müddətli Mühafizə Orderinin verilməsi (məhkəməyə yolu ilə)
  • Cinayət işinin başlanması (cinayət işinin başlanmasından imtina)
  • Sığınacağa yerləşdirmə
  • Sosial xidmətlərdən istifadə üçün köməklik göstərilməsi

Nə etməli?

  • Baş verməzdən əvvəl sizin və uşaqlarınız üçün fiziki təhlükə riskini qiymətləndirmək üçün partnyorunuzun fiziki gücdən istifadəsini və səviyyəsini müəyyənləşdirin.
  • Evin silah olmayan və qaçış yollarının mövcud olduğu təhlükəsiz hissələrini müəyyən edin.
  • Vəziyyətdən asılı olaraq, zorakılıq haqqında etibar etdiyiniz insanlara  (dostlara və qohumlara) məlumat verə bilərsiniz.
  • Sizin mənzildə hər hansı şübhəli səs-küy eşitdikləri təqdirdə yaxın qonşuları polis çağırmaq üçün xəbərdar edə bilərsiniz;
  • Evinizin və avtomobilin açarlarını elə yerə qoyun ki, təcili vəziyyətdə evinizi asanlıqla və tez bir şəkildə tərk edə biləsiniz.
  • Sizin üçün təhlükəsiz, lakin asanlıqla əlçatan yerlərdə lazımi miqdarda pulları, hüquqi şəxslərin və təşkilatların telefon nömrələri olan dəlilləri, pasportu, uşaqlar üçün sənədlər və digər vacib sənədləri, həmçinin lazımi geyim və dərmanları gizlədin.
  • Təhlükə halında müvəqqəti sığınacaq imkanlarını dostlarınız və qohumlarınızla əvvəlcədən razılaşdırın.
  • Mümkündürsə, əlçatan yerdə hər zaman istifadə edə biləcəyiniz telefon olsun və kömək çağırmaq üçün lazımlı nömrəni əvvəlcədən öyrənin. Ən yaxın ictimai telefonun harada olduğunu öyrənin. Yerli sığınacaqların əlaqə nömrəsini öyrənin bildirin. Həyatınız təhlükədədirsə, polis çağırın. Yenidən təkrar istifadə edən abuserdən qaçmaq üçün telefonunuzun son nömrənizin silinməsini unutmayın. Zorakılıq törədənin sizin zəng etdiyiniz nömrəni bilib, ora zəng etməsinin qarşısını almaq üçün son zəng etdiyiniz nömrəni telefondan silməyi unutmayın,
  • Əvvəlcədən qərar verin ki,  təcili ehtiyac olarsa,  sata və ya girov qoya biləcəyiniz hansı qiymətli əşyaları (məsələn, zərgərlik) özünüzlə götürəcəksiniz.
  • Sizə qarşı zorakılıq edildiyi anda, öz intuisiyanıza etibar etmək lazımdır. Bəzən qaçmaq yaxşıdır, bəzən isə cinayətkarı sakitləşdirməyə çalışmaq. Heç bir universal resept yoxdur.
  • Vəziyyət çox kritikdirsə lazımi şeyləri götürə bilməsəz belə dərhal evi tərk edin. Unutmayın ki, həyatınız təhlükədədir.
  • Uşaqlarınıza kömək çağırmağı öyrədin. Sizin və partnyorunuz arasında şiddətə qarışmamağı tapşırın. Kömək çağırmaq və ya evdən çıxmaq lazım olduğunu bildirmək üçün bir kod sözü hazırlayın.
  • Əgər ağır döyülmüsünüzsə və ya həyatınızın təhlükə altında olduğunu düşünürsünüzsə, təcili tibbi yardım “103” və polisin “102” təcili çağrı mərkəzinə zəng edin;
  • Polis gəldikdə mümkün qədər sakit davranın. Hüquq-mühafizə orqanlarının nümayəndələrindən xahiş edin ki, təcavüzkarı polis şöbəsinə aparsınlar;
  • Aldığınız bütün xəsarətləri və maddi ziyanı  polisə göstərin;
  • Əgər sizə qarşı digər zorakılıq halları baş veribsə, polisə xəbər verin. Zorakılığa kimsə şahid olubsa, polisə həmin şəxslərin adlarını və əlaqələrini deyin;
  • Şikayət ərizəsi yazın və onu qəbul etmələrini xahiş edin. Ərizədə cinayət hadisəsi, baş verdiyi vaxt, törədənin kimliyi, eləcə də nəticələr barədə məlumatlar olmalıdır və “cinayət işi açmaq və günahkarı məsuliyyət cəlb etmək ” tələbi qoyulmalıdır;
  • Polis ərizəni qəbul etməkdən imtina etsə, onların rəhbərləri ilə görüş tələb edin, və ya polis 102 çağrı xidmətini məlumatlandırın;
  • Polis əməkdaşlarının adlarını, onların əlaqə nömrələrini və protokol nömrəsini qeyd edin;
  • Məhkəmə ekspertizası üçün göndəriş verilməsini xahiş edin və bütün tibbi müayinə sənədlərini götürün;  
  • Döyülmə və ya zərərin qeyd edilməsi üçün tibbi yardım mərkəzinə müraciət edin. İstintaq zamanı polis tibbi qeydləri sizin xeyirnizə istifadə edəcəkdir. Tibbi yardım mərkəzi yoxdursa, klinikaya gedin və müraciət edin – orada da sizi qəbul etməlidirlər. Tamamilə yaxşı deyilsinizsə, təcili yardım ambulans çağırın ki, sizi xəstəxanaya aparsın.
  • Xəstəxanada və ya təcili yardımda döyülmənin hansı hallarda, nə vaxt və harada baş verməsi barədə məlumat verin. Həkimə bütün xəsarətləri göstərin və ağrılarınız haqqında geniş məlumat verin.
  • Növbə həkimi tərəfindən döyülmə haqqında bütün məlumatlar tibbi kartda qeyd edilməlidir. Eyni kartda, həkim alınan yaralanmaların təbiətini və sizə göstərilən tibbi yardımı təsvir edəcəkdir.
  • Həkimin zədələnmə yerini dəqiq təsvir etdiyinə, yaranın ölçüsü, yaranma müddəti və nəyə görə əmələ gəldiyini mütləq əmin olun. Həkimlər, fiziki və ya cinsi istismar əlamətlərini təsdiqləyərək, sizin üçün zəruri tədqiqatlar aparacaqlar.
  • Bədən zərbələri aldıqda tibb məntəqəsinə getdiyinizə dair arayış almağı unutmayın. Sənəddə tibbi kartın nömrəsi, müraciətin tarixi, həkimin adı, soyadı və atasının adı göstərilməli və  tibb müəssisəsinin möhürü ilə təsdiq olunmalıdır.
  • Belə bir tibbi arayış polisə işə başlamaq üçün əsas verir. Bir şəxs şiddət əlamətləri ilə xəstəxanaya gedərsə, tibbi müəssisələr bütün bu halları polisə bildirməlidir. Hüquq-mühafizə orqanları öz növbəsində yoxlamanı aparmalı və zərərçəkmişə məhkəmə ekspertizası üçün göndəriş təqdim etməlidirlər. Cinayətkarın hərəkətlərinin təsnifatı (hüquqi qiymət verilməsi) ekspertizanın nəticələrindən asılıdır.
  • Döyülmənin bütün izlərinin şəklini çəkməyi və fotoları işə əlavə etməyi unutmayın. Sübutları toplayın — cinayətkarın döyməsi faktını və təcavüzkar davranışını sübut edə bilən şahidləri işə cəlb edin.
  • Orijinal sənədlərin itirildiyi təqdirdə bütün sənədlərin, fotoşəkillərin, audio və videoların nüsxələrinin olması həmişə vacibdir. Nüsxələri ayrı bir təhlükəsiz yerdə saxlayın.
  • Ertəsi günü yenidən polisə getmək və ərizənin birini növbəçi polisə  təqdim etmək lazımdır. Qanun sizin tərəfinizdədir və ərizəni qəbul etməkdən imtina edənlər  —  qanunu pozanlardır.
  • Polisə getdikdə sizə dəstək kimi bir nəfəri götürmək yaxşı olar. Əlavə olaraq, polisə izahatı  sizinlə bir qadın müstəntiq qəbul etməsini xahiş edə bilərsiniz — probleminiz barədə danışmaq sizə daha rahat olacaq.
  • Mümkünsə, sübutları təqdim edin: zədəli olduğunuzu təsdiqləyən tibbi sənədi, zorakılığı təsdiq edən fotoşəkilləri və cinayətin şahidlərinin adlarını.
  • İzahat verərkən, ərizənizin məzmununu təkrarlayın, lakin mümkün qədər daha ətraflı məlumat verin: məsələn, zorakılığın sistematik xarakterli olduğunu, fiziki zorakılığının əvvəlki epizodları, təqib haqqında, şəxsən sizə və ya uşaqlarınıza gələn təhdidlər haqqında, bundan əlavə, əgər varsa, polis və ya təcili yardıma əvvəlki müraciətlər haqqında məlumat verin. Bütün detalları yadda saxlamağa çalışın – tarixi, vaxtı, döyülmənin xarakteristikası.
  • Ərizə təqdim edərkən, hüquq-mühafizə orqanlarının əməkdaşları sizə  bir  bildiriş verməlidirlər və orada aşağıdakıları göstərməlidir: 1. ərizə kim tərəfindən və nə  vaxt qəbul edildi; 2. ərizə müraciətinin qeydiyyat nömrəsi.
  • Evdə qalmayın. Mümkünsə qohumların və ya dostların yanına gedin (uşaqları da götürün). Pul və sənədləri götürməyi unutmayın. Gedəcəyiniz kimsə yoxdursa, o zaman sizi uyğun sığınacağa yerləşdirməsi üçün yerli şəhər/rayon icra hakimiyyətinə müraciət edin;
  • Yerli şəhər / rayon icra hakimiyyətinə və ya prokurorluq orqanına günün istənilən vaxtında sizi akkreditə olunmuş dövlət və ya qeyri-dövlət sığınacaq yerlərində və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə və uşaqların dəstək mərkəzinə yerləşdirmək və ya oraya yönləndirməklə bağlı müraciət edə bilərsiniz. Burada siz psixoloq və hüquqşunasdan yardım alacaq və ya sığınacaqla təmin ediləcəksiniz. Şəxsiyyət vəsiqəsi, uşağın doğum haqqında şəhadətnaməsi, və ya digər şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməlisiniz. Sığınacaqlar yaş, vətəndaşlıq, milliyyət və dini görüşündən asılı olmayaraq, bütün qadınlara kömək göstərir. Qeyd olunan sənədləri özünüzlə götürməmisinizsə, narahat olmayın. Oradakı məsul şəxsdən polis orqanları və ya yerli icra hakimiyyəti vasitəsi ilə sizin şəxsiyyət vəsiqənizi təsdiqlətməsini istəyin;
  • Əgər cinayət işi açılıbsa o böyük ehtimalla, daha sonra məhkəməyə gətiriləcək. Məhkəmədə sizni və şahidlərin sorğulanması aparılacaq;
  • Cinayət işi məhkəməyə göndərildikdən 15 gün sonra (məhkəmə icraatının həcminə görə, təqsirləndirilən şəxsin sayı və ya işin mürəkkəbliyindən asılı olaraq bu müddət 30 günədək müddətə uzadıla bilər) məhkəmə ilkin iclas təyin edir;
  • İlkin məhkəmə prosesində hakim cinayət prosessual qanununa əsasən cinayət işi ilə bağlı hər hansı bir uyğunsuzluq olub-olmadığını araşdıracaq. Hakim sizə sübutlarınızı, şahidlərin siyahısını və ya şikayətlərinizi təqdim etməyə dəvət edəcəkdir;
  • Proses kifayət qədər uzana bilər: 8-12 ay;

Bu məlumatların yazılmasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlər, Qaçqınlar və Sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində Emin Abbasov tərəfindən hazırlanmış sənəddən istifadə olunub.

Cavid Ağa
SUSMA