Bilmirəm hansı travmalara bağlıdı, amma mən şəxsi həyatında uğurla ola bilən insan deyiləm. Açığı, uzun müddət həyatıma saldığım səhv insanlara görə özümü o qədər günahlandırmışam ki, səsli şəkildə “mən belə bir insanla münasibət qurmuşam” demək belə özümə təhqir kimi gəlib. Biraz təcrübəsizlik, biraz da özgüvənsizliklə 19 yaşımda münasibət qurduğum insandan gördüyüm fiziki yox, psixoloji şiddət hələ də mənim şəxsi həyatdan əvvəl, hətta gündəlik həyatıma, insan münasibətlərimə də təsir edir. Şiddət xəbərləri görəndə zərərçəkmişlərin ən çox işlətdiyi söz “qorxurdum kiməsə deməyə” olur. Mən bunu nə qədər yaxşı başa düşürəmsə, o qədər də məyus oluram. Çünki mən də qorxub susmuşam. Və qorxub boyun əymişəm. Fiziki yox, psixoloji şiddətin nə olduğunu açmalı olsam, məsələn şantaj, aramızda yaşananların ifşa olunması ilə hədələmə, ailəmə qarşı məni alçaltma və s. Bu qədər manipulativ və kontrol xəstəsi bir insanla 8-9 ay həyatımın ən pis günlərini keçirməyimə məcbur olmağımı xatırlayanda, bir qadın kimi özümə olan hörmətim sarsılır. Belə bir hadisəni kimsə mənə danışsa deyərdim, xəstəsən? Niyə dözürdün? Niyə ayrılmırdın? Çox yerində sualdır hansı ki. Təbii ki sevərək dözmürdüm. Qorxurdum. Üstəgəl 19 yaşım var idi və həyatımda yaşadığım ilk ciddi münasibət idi. Bu insanın adının, hətta kimliyinin ifşa olunmağı mənim üçün böyük zövq olardı, amma açığı yazımı oxuyanda mənim kimliyimin üzə çıxacağı üçün bunu edə bilmirəm. Anxiety simptomlu insan üçün bunu yazmaq belə mənim üçün çox çətindir. Əminəm ki, bu cür hadisələr çox yaşanır və heçkim haqqında danışmır. Problemin bizdə olmamağına baxmayaraq, bunu özümüzə etiraf etmək bu qədər çətindirsə, kiməsə danışmağı artıq özünüz təsəvvür edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cavid Ağa
SUSMA