1995 ci ildə Sumqayıt şəhərində anadan olmuşam. 4 uşağıq (3 bacı 1 qardaş). 15 yaşıma kimi babam da (ata tərəf) bizlə yaşayıb(ölənə qədər). Atam polis məmuru(sahə müvəkkili) olub, 2014 də ölüb. Mən sadəcə sizin üçün daha bir hekayə ola biləcək bir hekayə paylaşmaq istəyirəm. Anam atayla ailə qurmazdan öncə atanı istəyən bir qadın var idi. Səhv etmirəmsə əvvəl münasibətləri olmuşdu necəsə. Sonra ana eyni kənd, tanışlıq adı ilə atayla ailə qurdu. Anamın dediyinə görə özünün də istədiyi var imiş atadan əvvəl. Araya tanışlıq, “ad-san” məsələsi girincə işlər dəyişib atayla ailə qurmuşdu. Atamın ailəsi problemli ailə olub. Öz atası(babam) da qəddar insan olub. Anasını amansızca döyüb dişlərini tökmüşdü, uşaqlarının gözü önündə. Özünü(ata), bacı qardaşlarına da həmçinin şiddət göstərərdi. Babam müharibədə iştirak edib, 70 yaşına kimi sağ ayağında qəlpə ilə yaşayıb, 75(2002-2003) yaşında əməliyyatla götürülüb ayağından. Anagilin toy günündə həmin qadın gəlib mane olmaq istəyib, atadan hamilə olduğunu (yalan-doğru olduğunu sonradan bilmədik)demişdi. Babam (ana tərəf) adlarının çıxmasını istəməmişdi deyə susmuşdu ( özünün stansiya rəisi kimi adına nəsə qoşulmasından). Bunu ona görə deyirəm, çünki yaşı keçirdi deyə ananı evləndirmək dünya əhəmiyyətli bir iş idi onun qarşısında… Ana atayla evlənəndə ilk illər pis getmirdi həyat. İlk uşaqdan əvvəl 2 uşaq ölməsinə (1 i doğulan anda, digəri 6 ay sonra)rəğmən münasibət elə də pis deyildi anaya qarşı, nə əcəbsə anada günah görməyə bilmişdilər. Sonra evlilik həyatı başladı. Atam yuxarıda da qeyd etdiyim kimi polis mayoru olub. Ona kimi hüquqşünas olmaq istəyib. 5 il hər il qəbul olmaq üçün baş vurub ard arda. Sonrasında da polis ola bilib. Özümü xatırlayandan(mən 3 cü uşağam) öncələri yüngülvari (əl ilə) və mənəvi sonralar hər iki halın ağır formasında şiddətə məruz qalmışam. Bəlkə də sonralar başa düşmümşəm… “Atam”, özünün uşaqlığını yaşamamasındanmı deyim, psixioloji problemlərindənmi deyim bilmirəm, min bir əziyyətlə oxumasının nəticəsi olaraq mı deyim bütün bu olanlara…, hər “səhvimizə” görə əlini qaldırıb alın nahiyəmizə vuran yumruqların sayı hesabı yox idi. Bəlkə də özünün yetərsizliyinin bizim üzərimizdə təcrübə edib öhdəsindən gəlirdi. Hər adi hadisənin(istər mentalitet olsun istər digər) əziyyəti bizə qalırdı. Hər birimizin başına gələnləri ayrı ayrılıqda yazmaq istərdim amma ifadə etmək problemim var yaşantılar üzündən. Sadəcə alındığı qədər deyim. Anam çox döyülərdi. Özü də hədisiz dərəcədə, ağız dalaşları və döyülmələr bizi zinhara gətirmişdi. Söyüşlər, təhqirlər, alçaltmalar. O şey zamanla bizə də yönəldi. Onun böyük bacıma dediyi sözləri mənliyi olan heç bir insan götürməzdi amma bacım götürmək məcburiyyətindəydi. Yoxsa bizim ona qarşı etdiyimiz hər “üsyan” ananın başında çatlayırdı. O üsyanın əvəzi bizdən çıxırdısa on qat artığı anadan çıxırdı. Bu hadisələrdən biri digər bacımın başına gələni deyim. Hər axşam birimizə masaj elətdirirdi. Bu masajların sayəsində bizdən sağlam idi, biz içi çürüklərdən. Bacım (ortancıl) necəsə masajı onun istədiyi şəkildə edə bilməmişdi deyə uzandığı şəkildə ayağı ilə bacının sinəsinə ağır təpik atdı, nəfəsi getdi güclə gəldi özünə… Hər edilən, özünün gəldiyi qənaətə görə”yanlış” hərəkətlərə görə dəyən zərbələr… ))) gülmək tutur məni yazanda, xatırlayıram deyə. Çox çox nadir halda özünü ata hiss elədiyi vaxtlarda gəzməyə apardığı zamanlar yadıma düşdü. Həm sevgi, həm nifrət (mənə görə nifrət yaxşı səslənir) qarışıq bir uşaq böyüyəndə dəli olmaq həddinə çatmazmı?! Gəlin öz başıma gələnlərdən deyim. Bir dəfə qardaşımın məktəbi ilə əlaqədar(maddiyyatla bağlı idi səhv etmirəmsə) ana bundan nəyi isə gizlətmişdi. Gedib məktəbdə öyrənib evə gələn kimi (səhər 9 un yarısı) qapını açan ananı atmışdı qabağına. Boğa boğa döyürdü. O an hiss etdiklərimi hiss edirəm hal hazırda. Digər otaqda şkafın içinə girib qulaqlarımı tutardım ağlaya ağlaya, əlimdən nəsə gəlmirdi deyə. Məni ağladan o çarəsizlik idi. Sayını unutduğum qədər bu səslərə açmışam neçə neçə səhərimi. Bizə qarşı etdiyi hər şeyi, yediyimiz yeməyə kimi, başımıza qaxardı. Universitetə hazırlaşırdım. Hazırlıq pulunu verirdi həm də başıma qaxırdı pulu. Mən də “üsyan” olaraq müəllimin yanına getməməyi özüm öyrənməyi seçmişdim. Bu da müəllimi görüb evə gələn kimi bıçağı götürüb üstümə cumdu. Ana zarıya zarıya içəridən qapını tuturdu. Tuturdu ki girməsin. Qardaşıma da eyni şəkildə. O məndən 2 yaş balacadır. Onu da bir neçə dəfə gözümüzün qabağında döyüb hər nə qədər bizdən üstün görsə də onu. Qardaşım anamın yanında dayananda ona bizə qoşulduğunu deyirdi)). Küçədə hamının yanlnda ağıl vermələr, təhqir etmələr, vurmalar. Yəni çox təəssüf xoş bir şey yoxdur deməyə. Hə, bunun serroz olduğu zamanlarında yaşatdıqları da var hələ… Bunlar unutmağa çalışdığım keçmişdən geridə qalanlardır, yadımda qalanlar, çox çətinliklə də olsa xatırlamağa çalışdığım. Bir də bunun deyilməyən, yaşanan hissəsi var… Təsəvvür edin hər adi hərəkətinizə görə mühakimə olunursunuz və bu, doğulduğunuz gündən sizin üçün 19 il sizdən böyük bacılarınız üçün 21, 23 il davam edir. Və siz bu illəri heç bir zaman bitməyəcəkmiş kimi yaşayırsınız. İliyinizə kimi hiss edərək, heç bitməyəcəkmiş kimi. Bu da sizə ümidsizliyin və ya ümidin anlaşılmaz izahı. Bunu niyə yazdım, bilmirəm. Bəlkə sadəcə paylaşmaq ehiyacı hiss etdim. Bəlkə yenidən bu şəkildə olanlara(ölkədə) “üsyan” etmək istədim. Allahdan bir mesaj idi bəlkə də o qadının anamın toy günü gəlməsi, bəlkə də bir işarə idi. Kim bilir, bəlkə də… Qalmayın, yaşamayın o insanla. Uşaqlarınızın ən başda da sizin həyatınızı məhv edən varlıqla çürüməyin. Məcbur deyilsiniz heç nəyə, deyilsiniz. Eqoist olmayın, siz özünüz də bilirsiniz ki, etdikləriniz özünüz üçündür uşaqlarınız üçün deyil. Dözümlülüyünüzü buna bağlamayın. Öz adınız üçündür, özünüz üçündür. Siz necəsə dözürsünüz, ama uşaqlar bəs uşaqlar?! Ana susdu. Sözdə bizim üçün idi, çox təəssüf ki, susdu… Bunlardan nə qaldı mənə? Sizcə,? Panik atak, bipolar, xroniki depressiya,özünü və həyatı sevə bilməmək, içində daimi üsyan, alışmamazlıq, uyğunlaşa bilməmək və s. Və bir də bunların yanında güclü qalmaq məcburiyyəti və yaşamaq… Davam etmək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Cavid Ağa
SUSMA