Hər il Azərbaycanda 100-dən çox qadın ailə-məişət zəminində qətlə yetirilir. Minlərlə zorakılıq halları isə şikayət olunmadan gizli qalır. Döyülən, zorlanmaya, təhdidlərə, təzyiqlərə məruz qalan qadınlar ehtiyacları olan dəstəyi ala bilmir. Sus-ma.com saytının məqsədi bu baş verən zorakılıq hallarını ifşa etmək və zorakılıqdan zərərçəkmişlərə yardım etməkdir. Əgər sən də  zorakılığa məruz qalmısansa və ya hələ də məruz qalmaqdasansa, anonim olaraq və ya öz adınla hekayəni bizə göndərib burada dərc edə bilərsən. Beləliklə başına keçmişdə və ya hal hazırda gələn hadisələri ifşa etmiş, digər zərərçəkmişlərə zorakılıqdan qurtulmaq üçün yol göstərmiş, və özün yardım almaq üçün müraciət etmiş olacaqsan.

Xüsusi qeyd: Əgər hal-hazırda zorakılığa məruz qalırsansa və köməyə ehtiyacın varsa, o zaman adını, soyadını və ən əsası səninlə əlaqə saxlamaq üçün elektron poçt ünvanını və ya telefon nömrəni qeyd etməyin xahiş olunur. Bu məlumatlar məxfi qalacaq, yalnız saytı idarə edənlər, yəni sənə kömək edə bilən insanlar görə biləcək. Bu halda sən yenə də hekayəni anonim, ya da heç paylaşmadan (“Təcrübənizi bölüşmək istərdinizmi?” bölməsində “xeyr” seçərək) bizə müraciət edə bilərsən. Müraciətini aldıqda sənə ehtiyac olan hüquqi və psixoloji yardım göstərməyə, sığınacağa yerləşdirməyə, beləliklə, təhlükəsizliyini təmin etməyə çalışacağıq.

Bu sayt vasitəsi ilə sən zorakılığın nə olduğu barədə, onun formaları barədə də öyrənə bilərsən. Saytın “Nə etməli?” bölməsində  zorakılıq baş verdiyi zaman  təhlükəsizliyin üçün görülməsi gərəkən tədbirlər, müraciət edilməsi gərəkən qurumlar və onların sənə göstərməli olduğu xidmətlər barədə ətraflı məlumat ala bilərsən.
Susma! Hekayəni danış!

Cavid Ağa
SUSMA